logo

Baş nazirin müavini Şahin Mustafayev Çinə səfər edib

20:45 04-11-2019 | icon 2870
Baş nazirin müavini Şahin Mustafayev Çinə səfər edib

Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Çinə səfər edib.

 YeniAvropa xəbər verir  ki, səfərdə məqsəd noyabrın 5-dən 10-dək Şanxay şəhərində  keçiriləcək II Çin Beynəlxalq İdxal Sərgisində iştirak etməkdir. 

Xatırladaq ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Azərbaycan nümayəndə heyətinin üzvləri sərgi çərçivəsində təşkil olunacaq forumlarda iştirak və çıxış edəcəklər. Bundan başqa, ikitərəfli görüşlərdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ötən il ilk dəfə keçirilən Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 58 milyard dollarlıq razılaşmalar əldə olunmuşdu. Bu, Çində idxal məhsullarının ilk sərgisi olmaqla yanaşı, dünyada ölkə səviyyəsində də yeganə idxal sərgisidir. Yalnız peşəkar ziyarətçilər üçün açıq olan sərginin təşkilatçıları əhalinin marağını nəzərə alaraq, tədbir rəsmən bitəndən sonra, noyabrın 13-dən 20-dək ölkə pavilyonlarını ictimaiyyət üçün açıq edəcəklər.