logo

Bakıda VI Bayraq Festivalı keçirilib

16:17 04-11-2019 | icon 1974
Bakıda VI Bayraq Festivalı keçirilib

Noyabrın 4-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş VI Bayraq Festivalı keçirilib.

YeniAvropa xəbər verir  ki,  festivalda dövlət qurumlarının, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökumət təşkilatları nümayəndələri, gənclər təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır. Gənclər və İdman Nazirliyi hər il Dövlət Bayrağı Günü münasibətilə festival təşkil edir. Sayca altıncı olan bugünkü festival bədii-kütləvi tədbirdir. Bu il formatı genişləndirmişik. Gənclər və İdman Nazirliyi noyabrın 1-də “İradənlə qalib gəl” kampaniyasına start verib. Bu kampaniya çərçivəsində bir sıra aksiyalar keçirilib. İlk aksiya noyabrın 1-3-də nazirliyin balansındakı 34 Olimpiya İdman Kompleksində “açıq qapı günü” oldu. Bayraq Festivalı həmin kampaniya çərçivəsində Bakıda keçirilən növbəti tədbirdir. Bu tədbirlər noyabrın 9-dək Azərbaycanın şəhər və rayonlarında davam edəcək”.

Festival bədii hissə ilə davam edib.