logo

Azərbaycan-İran sərhəddində silahlı insident

11:48 04-11-2019 | icon 2261
Azərbaycan-İran sərhəddində silahlı insident

Noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin dövlət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması müşahidə olunub.

DSX-nin mətbuat mərkəzindən  YeniAvropa-ya bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucusu əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İran İslam Respublikası istiqamətində qaçmağa cəhd göstərib.

Sərhəd naryadı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, sərhəd pozucusuna qarşı silah tətbiq edib. Sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış zamanı qara çantada ümumi çəkisi təxminən 12 kiloqram 340 qram olan müxtəlif növ narkotik vasitələr, “Pietro Beretta” markalı tapança, sandıqça və səkkiz patron aşkarlanıb.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşılayan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avtomobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılıblar. Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabrın 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hadisə ilə əlaqədar hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

DSX dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirlərini davam etdirir.