logo

“British Council” Azərbaycanda ilk Resurs və Təlim Mərkəzini açıb

13:50 31-10-2019 | icon 2163
“British Council” Azərbaycanda ilk Resurs və Təlim Mərkəzini açıb

Oktyabrın 31-də “British Council” Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan rayonu 33 saylı orta məktəbdə Resurs və Təlim Mərkəzini açıb.

YeniAvropa xatırladır ki, Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən “British Council” beynəlxalq təşkilat olaraq 6 qitədə və 100-dən çox ölkədə fəaliyyət göstərərək beynəlxalq imkanlar yaradır.

Mərkəzin açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iştirak ediblər.

Açılış mərasimində bildirilib ki, Resurs və Təlim mərkəzləri qabaqcıl cəmiyyət naminə mükəmməl bacarıqlar, gənclərin özünəinamının artması, gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üçillik proqramdır. Proqram Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlığına qoşulan 5 ölkədə dayanıqlılığı artırmaq və fərqli bacarıqları inkişaf etdirməklə mütəşəkkil, stabil və çiçəklənən cəmiyyətlərin inkişafını dəstəkləyəcək.

Diqqətə çatdırılıb ki, proqram Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır, həmçinin Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirir.

Məlumat verilib ki, “Resurs və Təlim Mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanır. “British Council”in hazırda ölkəmizdə ingilis dilini tədris edən 13 mərkəzdən ibarət şəbəkəsi var.

Masazırda məcburi köçkünlərin təhsil aldığı məktəbdə açılan Resurs və Təlim Mərkəzi yaradılacaq beş yeni mərkəzdən ilkidir. Digər təlim mərkəzləri Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılacaq və yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara və təlim materiallarına sahib olacaq.

Açılış mərasimindən əvvəl KİV nümayəndələri üçün qısa brifinq keçirilib. "British Council"ın Azərbaycan üzrə direktoru Samr Şah deyib: "Bu, Azərbaycanda həyata keçirdiyimiz əsas proqramlarımızdan biridir. Təlim mərkəzlərimiz gənc tələbələrə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək."

Bildirilib ki, üç il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17 min 200 gənc ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq.

Samr Şah proqramın yeni Resurs və Təlim mərkəzləri ilə yanaşı Bakı, Müşfiqabad, Gəncə və Lənkəranda da fəaliyyət göstərən mərkəzləri olduğunu diqqətə çatdırıb.