logo

Yararsız avtomobillərin dövriyyədən çıxarılmasıı proqramı hazırlanır

12:30 31-10-2019 | icon 2142
Yararsız avtomobillərin dövriyyədən çıxarılmasıı proqramı hazırlanır

İstismarda olan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35 faizinin istehsal tarixi 10 ildən, 23 faizinin istehsal tarixi 20 ildən, daha 19,1 faizinin istehsal tarixi isə 30 ildən yuxarıdır.

YeniAvropa xəbər verir  ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb.

Avtomobil parkının köhnəlməsinin intensiv şəkildə davam etdiyini bildirən nazir qeyd edib ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.

Nazir M.Babayev məlumat verib ki, ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır.