logo

Rusiya hərbi polisi Suriyada patrul marşrutu üzrə hərəkətə başlayıb

11:29 31-10-2019 | icon 2604
Rusiya hərbi polisi Suriyada patrul marşrutu üzrə hərəkətə başlayıb

Rusiyanın hərbi polisi Türkiyə ilə birgə patrul marşrutu üzrə Suriyanın “Aylişar” buraxılış məntəqəsindən ölkənin şimal sərhədinə doğru hərəkətə başlayıb.

YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, patrulun tərkibində üç ədəd “Tiqr” zirehli avtomobili və bir ədəd zirehli transportyor var. Marşrut Türkiyə-Suriya sərhədi boyu 160 kilometr uzanır.

“Patrul marşrutu mürəkkəbdir. Zirehli texnika ilə Kobani şəhərinə girməmək üçün hərbi karvan kənd yolları ilə hərəkət edir”, - deyə zabit İvan Jukov bildirib.

Xatırladaq ki, oktyabrın 22-də Ankara və Moskva arasında Suriya ilə bağlı memorandum imzalanıb. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi şəhərində altı saatlıq danışıqların yekununda Suriya Ərəb Respublikasının vahidliyinin və ərazi bütövlüyünün, Türkiyənin milli təhlükəsizliyinin tərəfdarı olduqlarını təsdiqləyib, həmçinin Ədən sazişini dəstəklədiklərini bildiriblər.

Sənədə əsasən, Tell-Abyad və Ras-əl-Ayn şəhərləri arasında hazırkı “Sülh çeşməsi” əməliyyatı rayonunda 32 kilometr dərinlikdə status-kvo vəziyyəti saxlanılacaq. Türkiyənin keçirdiyi əməliyyat xaricindəki zonada Bəşər Əsədə sadiq qüvvələr və Rusiyanın hərbi polisi 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım edəcək. Qamışlı şəhəri istisna olmaqla, sərhəddən on kilometr dərinlikdə Türkiyə və Rusiya hərbçilərinin birgə patrulu başlayacaq.