logo

Bakı Polis: Oktay Güləliyevin vurulması ilə bağlı cinayət işi başlanıb

12:48 30-10-2019 | icon 2205
Bakı Polis: Oktay Güləliyevin vurulması ilə bağlı cinayət işi başlanıb

Oktyabrın 29-da saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda qeyd edilib.Bildurilib ki, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib. Sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.