logo

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

19:20 23-10-2019 | icon 2121
İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd edən prezident, əməkdaşlığımızın mövcud səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.O, Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd edib və Komissiyanın eyni tərkibdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Həsən Ruhaninin səmimi salamlarını və xoş arzularını çatdırıb. O, prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirərək səfər çərçivəsində dövlət başçısı ilə görüşünün əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini deyib.

Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Bakı Zirvə görüşünün Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla aparacağını deyib.

Prezident İlham Əliyev İran İslam Respublikası prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran prezidentinə çatdırılmasını xahiş edib və Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü çərçivəsində prezident Həsən Ruhani ilə görüşünü məmnuniyyətlə gözlədiyini bildirib.