logo

İranla Azərbaycan birgə sənaye şəhərciyi yaradacaq

14:10 23-10-2019 | icon 350
İranla Azərbaycan birgə sənaye şəhərciyi yaradacaq

İran ilə Azərbaycan arasında birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub və yaxın günlərdə Azərbaycanda bu şəhərciyin inşasına başlanacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə  İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə "IRNA" agentliyinə müsahibəsində deyib. O bildirib ki, hər iki ölkədə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Bu potensialdan istifadə ediləcək və yeni sənaye şəhərciyində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

Səfir deyib ki, istehsal olunan məhsullar ilk növbədə Azərbaycan, sonra isə İran bazarına çıxarılacaq, eləcə də digər ölkələrə ixrac ediləcək. Azərbaycan əlverişli coğrafi məkanda yerləşdiyi üçün istehsal edilən məhsulların MDB və Şərqi Avropa ölkələrinə ixracı da asan olacaq.

Diplomat bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılıb. Bundan istifadə edən iranlı iş adamları Azərbaycana sərmayə yatıra bilərlər. Qeyd edib ki, İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin artması da təsadüfi xarakter daşımır. Tərəflər iqtisadi əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə daim iş aparılır. Yaxın aylarda ticarət dövriyyəsinin həcminin 600 milyon dollara yüksələcəyi gözlənilir.