logo

Bakıda Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığı müzakirə edilib

14:16 12-10-2019 | icon 2702
Bakıda Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayevin Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğu, Avstriya ilə əməkdaşlığa böyük önəm verildiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında müvafiq müqavilə-hüquq bazasının yaradıldığını, 40-dək sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalandığını deyib. Bildirib ki, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası, Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir.

Diqqətə çatdırılıb ki, Azərbaycanla Avstriya arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Ötən il ölkəmizin Avstriya ilə ticarət dövriyyəsi 2 dəfəyədək artıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələr üzrə 50-dək Avstriya şirkəti qeydiyyatdan keçib. Avstriya şirkətləri ölkəmizdə dövlət əsaslı layihələrdə də iştirak edirlər.

İqtisadi əməkdaşlığın genişləndirilməsinə gəlincə, İqtisadiyyat naziri əlaqələrin müxtəlif istiqamətlər, xüsusilə investisiya, nəqliyyat-tranzit, sənaye, turizm, səhiyyə, əczaçılıq və tibbi ləvazimatların istehsalı sahələrində inkişaf etdirilməsi üçün böyük potensialı qeyd edib. Vurğulayıb ki, Avstriya şirkətləri, həmçinin əlverişli biznes və investisiya mühitindən yararlanmaqla, ölkəmizdəki sənaye parkları və məhəllələrinə investisiya yatıra bilərlər.

Avstriya Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri A.Rayxhardt ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ikitərəfli əlaqələrin gücləndirilməsi üçün intensiv görüş və müzakirələrin önəmini vurğulayıb.

Avstriya şirkətlərinin rəhbərləri fəaliyyət istiqamətləri barədə məlumat verib, azərbaycanlı həmkarları ilə əməkdaşlıq barədə təkliflərini bildiriblər.

Görüşdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi idarə heyətinin sədri Zaur Əliyev və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov da iştirak ediblər.