logo

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçirilir

10:59 09-10-2019 | icon 3248
Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçirilir

Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilir.

 YeniAvropa  xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə uğurlu inkişafının qarşılıqlı dəstək və birgə təşəbbüslərlə səciyyələndiyi qeyd olunub. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Sonra iclas işini hər iki ölkənin energetika nazirlərinin həmsədrliyi və nümayəndə heyətlərinin iştirakı ilə davam etdirib.

İclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar. Hər iki ölkənin liderləri - Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən təməli qoyulan bu münasibətləri bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla inkişaf etdirir. Nazir, həmçinin bildirib ki, iki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır.

Qazaxıstanın energetika naziri, Komissiyanın həmsədri Kanat Bozumbayev də çıxışında ölkələrarası yüksəksəviyyəli əməkdaşlığı təmin edən məsələlərdən, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, bugünkü iclasın münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib.

İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində mövcud vəziyyət və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilir.