logo

Bakıda Koreya Respublikasının milli bayramı qeyd edilib

19:49 08-10-2019 | icon 2310
Bakıda Koreya Respublikasının milli bayramı qeyd edilib

Oktyabrın 8-də Bakıda Koreya Respublikasının milli bayramı – dövlətin yaranması günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

YeniAvropa xəbər verir  ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. Bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra bir çox sahələrdə qarşılıqlı münasibətlər inkişaf etdirilib. Bu əlaqələr zaman keçdikcə daha da genişlənir. Koreya Respublikasının Azərbaycandakı səfirliyi məcburi köçkünlər üçün dəstək proqramları həyata keçirir. 2018-ci ildə Bakı Dövlət Universitetində Koreya Tədris İnstitutu açılıb.

Səfir qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu münasibətlər yüksək səviyyəli səfərlər nəticəsində daha da genişlənir. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik. Ramin Quluzadə Koreya Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.

Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.