logo

Qırğızıstan Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

20:49 07-10-2019 | icon 2149
Qırğızıstan Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Bişkekdə səfərdədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycanın baş nazirinin birinci müavini, komissiyanın ölkəmiz tərəfdən həmsədri Yaqub Eyyubovu qəbul edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlət başçısı deyib ki, Qırğızıstan Azərbaycanla qarşılıqlı inama və hörmətə əsaslanan dostluq əlaqələrinin və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Prezident vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafında əsas amillərdən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir.

Sooronbay Jeenbekov ölkələr arasında energetika, nəqliyyat, dağ-mədən sənayesi, turizm sahələrində birgə layihələrin həyata keçirilməsinin mühüm amillərdən olduğunu vurğulayıb.

Yaqub Eyyubov Azərbaycan prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Görüşündə Sooronbay Jeenbekovu görməkdən məmnun olacağını söyləyib. O, komissiyanın üçüncü iclasının Bişkekdə keçirilməsinə görə Qırğızıstan tərəfinə minnətdarlıq edərək xatırladıb ki, ikinci iclas beş il bundan əvvəl Bakıda keçirilib.

Baş nazirin birinci müavini qeyd edib ki, iki dövlət arasında qardaşlıq münasibətləri ikitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edir.

Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak ediblər.