logo

Xalq artisti Ofeliya Sənaninin müayinəsində infarkt təsdiq olunmadı

10:52 07-10-2019 | icon 252
Xalq artisti Ofeliya Sənaninin müayinəsində infarkt təsdiq olunmadı

Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildirilib ki, invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən Ofeliya Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib.

Hazırda xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır.

Xatırladaq ki, 78 yaşlı Ofeliya Sənani Azərbaycan radiosunun ilk diktorlarından hesab edilir. O, uzun illər həm də dövlət televiziyasında diktor olub.  1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib.  Həmçinin, "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmlərində rol alıb.