logo

“Qarabağ” "Düdelanj"a böyük hesabla qalib gəlib

01:02 04-10-2019 | icon 2821
“Qarabağ” "Düdelanj"a böyük hesabla qalib gəlib

"Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

YeniAvropa xəbər verir  ki, Azərbaycan təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olub. Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Hesabı 11-ci dəqiqədə Abdullah Zubir açıb. 30-cü dəqiqədə Miçel fərqi artırıb. Bundan sonra görüşün keçirildiyi "Jozi Bartel" stadionunda erməni təxribatı baş verib. Arena üzərindədronla qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı qaldırılıb. Buna "Qarabağ"ın futbolçuları və azarkeşlər kəskin etiraz ediblər. Oyunda 15 dəqiqədən çox fasilə yaranıb.

Yerli idman nazirinin üzrxahlığından sonra matç davam etdirilib. 37-ci dəqiqədə isə Azərbaycan təmsilçisi 3-cü qolu vurub. Riçard Almeyda penaltini dəqiq yerinə yetirib.

İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. 69-cu dəqiqədə Dani Kintana "Qarabağ"ın 4-cü topunu vurub. "Düdelanj" yalnız 90-cı dəqiqədə Antuan Bernyenin dəqiq zərbəsi ilə təsəlli tapa bilib.

Xatırladaq ki, A qrupunun digər oyununda "Sevilya" İspaniyada Kipr APOEL-ini minimal hesabla yenərək, xallarını 6-ya çatdırıb və vahid liderə çevrilib. "Qarabağ" isə "Düdelanj"la birgə hərəyə 3 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan APOEL isə qrup sonuncusudur.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu oktyabrın 24-də Bakıda APOEL-ə qarşı keçirəcək. "Sevilya" isə "Düdelanj"ı qəbul edəcək.