Oktyabrın 3-də Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı – Alman Birliyi Günü münasibətilə rəsmi qəbul təşkil edib.
YeniAvropa xəbər verir ki, Dənizkənarı Milli parkdakı "Energy Club"da təşkil olunan qəbulda əvvəlcə orkestrın ifasında Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.
Səfir Volfqanq Maniq tədbirdə çıxış edərək Alman Birliyi Gününün tarixindən danışıb.
Azərbaycan ilə Almaniya arasında mövcud əlaqələrdən söhbət açan səfir deyib ki, Almaniya Bakıda səfirlik açan ilk ölkələrdən biridir. 1992-ci ildən bu günədək biz iki ölkə olaraq çox nailiyyətlər qazanmışıq. Azərbaycanda Almaniyanın bir çox elmi-mədəni mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Diplomat bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əlamətdar gün münasibətilə alman xalqını Azərbaycan Hökuməti adından təbrik edib. O deyib ki, bir çox beynəlxalq məsələlərdə Azərbaycanın və Almaniyanın mövqeləri üst-üstə düşür. Bu da iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olduğunu göstərir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Ticarət dövriyyəsində müsbət dinamika var. Azərbaycan və Almaniya təhsil, enerji, humanitar və digər sahələrdə yaxşı əlaqələrə malikdirlər.
Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.