logo

Azərbaycan “Rusiya Enerji Həftəsi”ndə təmsil olunur

17:49 03-10-2019 | icon 2716
Azərbaycan “Rusiya Enerji Həftəsi”ndə təmsil olunur

Moskvada “Rusiya Enerji Həftəsi 2019” Beynəlxalq Forumu öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Builki forumda 80 ölkədən 200-dən çox şirkətin 10 mindən artıq nümayəndəsi iştirak edir. Forumda yanacaq-energetika sahəsində əməkdaşlıq perspektivləri, investisiyalar, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır. Forum çərçivəsində 80 ölkənin energetika nazirlərinin iştirakı ilə “Davamlı inkişaf üçün enerji tərəfdaşlığı” mövzusunda plenar iclas keçirilib. İclasda beynəlxalq əməkdaşlıq potensialının artırılması, habelə yanacaq-energetika sektorunda əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Energetika naziri P.Şahbazov “Qeyri-sabit dünyada energetika sahəsində əlaqələrin qorunub saxlanması” mövzusunda keçirilən plenar sessiyada çıxış edib. Nazir son illər ölkə iqtisadiyyatının inkişafından, həmçinin neft-qaz sənayesinə dövlət dəstəyindən, Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində görülən işlərdən danışıb.

Sessiyada Rusiyanın energetika naziri Aleksandr Novak, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud, Venesuelanın Neft naziri Manuel Kevedo və başqaları çıxış ediblər.

Azərbaycanın energetika naziri forum çərçivəsində bir çox ölkənin energetika nazirləri, nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin rəhbərləri, o cümlədən OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Rusiya Enerji Həftəsi” çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşü də keçiriləcək. Görüşdə Azərbaycan nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, “Rusiya Enerji Həftəsi” 2016-cı ildən keçirilir.