logo

Azərbaycan-İran sərhədində silahlı atışma: 3 nəfər öldü

12:10 02-10-2019 | icon 210
Azərbaycan-İran sərhədində silahlı atışma: 3 nəfər öldü

Oktyabrın 2-də saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.

DSX-nin mətbuat mərkəzindənYeniAvropa-ya bildiriblər ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib. Sərhəd pozucularından biri üzərindəki çantanı ataraq İran İslam Respublikası istiqamətində qaçmağa, ikisi isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində ölüb.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı bir ədəd qara çantada təxminən 15 kiloqram müxtəlif növ narkotik vasitələr, lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucularının şəxsiyyətinin müəyyən olunmasına və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.

Hazırda DSX Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində tədbirləri davam etdirir.