logo

Azərbaycanda 660 min pensiyaçının minimum pensiyası 200 manat olacaq

18:10 30-09-2019 | icon 2716
Azərbaycanda 660 min pensiyaçının minimum pensiyası 200 manat olacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  YeniAvropa-ya verilən məlumata görə, bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı Sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və başqalarının əməkhaqları bu il sentyabrın 1-dən ciddi şəkildə artırılıb. Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının orta hesabla 31 faiz artmasına imkan verib.

Beləliklə, dövlət başçısı tərəfindən bu il təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasını təmin edib .

Xatırladaq ki, minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.