logo

Teymur Rəcəbov dünya kubokunun final mərhələsinə heç-heçə ilə başlayıb

17:15 30-09-2019 | icon 245
Teymur Rəcəbov dünya kubokunun final mərhələsinə heç-heçə ilə başlayıb

Sentyabrın 30-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin final mərhələsinə start verilib.

YeniAvropa xəbər verir  ki,  dünya kubokunun həlledici qarşılaşmasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov çinli Liren Dinq ilə qarşılaşıb. Birinci partiyada ağ fiqurlarla oynayan təmsilçimiz heç-heçə edib.

Mükafat fondu 1,6 milyon dollar olan turnirin finalçıları oktyabrın 3-dək dörd oyun keçirəcəklər. Həmin görüşlərin nəticəsində qalib müəyyənləşməsə oktyabrın 4-də tay-brek oynanılacaq.

Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirinə Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.