logo

Bakıda Azərbaycan-Koreya biznes forumu keçirilib

16:20 30-09-2019 | icon 2835
Bakıda Azərbaycan-Koreya biznes forumu keçirilib

Sentyabrın 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Koreya biznes forumu keçirilib.

 YeniAvropa xəbər verir  ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən qida sənayesi, kimya, tekstil, kosmetik məhsullar və digər sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Biznes forumda çıxış edən AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə ixrac imkanlarının artırılması, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Koreya iqtisadi əlaqələri və əməkdaşlıq imkanları barədə danışıb. İş adamlarının iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan Y.Abdullayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından biznes forumun ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin daha da inkişafında faydalı olacağını bildirib, Azərbaycan və Koreya iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib.

Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Hong Kvang-He çıxışında hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Koreya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tong Op ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, Azərbaycanda aparılan iqtisadi islahatların Koreya şirkətləri üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Biznes forum çərçivəsində AZPROMO və KOIMA arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Tədbir çərçivəsində hər iki ölkənin biznes və investisiya mühitinə dair təqdimatlar olub, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.