logo

Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi

10:55 30-09-2019 | icon 2436
Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi

Serjan Oralbay oğlu Abdulkərimov Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Serjan Abdulkərimovun səfir təyin edilməsi barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Məlumatda qeyd edilir ki, sərəncamla Serjan Abdulkərimov Qazaxıstanın  Çexiya və Slovakiyada tutuğu səfir vəzifəsindən azad edilib.

Xatırladaq ki, bundan əvvəl Beybit İsabayev Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Bu ilin iyulunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Beybit İsabayevi geri çağırıb. Prezidentin müvafiq fərmanı ilə o Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.

Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyi 1994-cü ilin dekabrında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2004-cü ilin martında açılıb.

Yeni səfir Serjan Abdukərimov 1976-cı il mayın 11-də Karaqandada anadan olub. 1998-ci ildə Abay adına Almatı Dövlət Universitetini (beynəlxalq münasibətlər ixtisası üzrə), 2002-ci ildə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını (iqtisadçı ixtisası üzrə) bitirib.

Diplomatik karyerasına 1998-ci ildə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Üçüncü Departamentinin Avropa və Amerika İdarəsində referent kimi başlayıb. Sonra Beynəlxalq İqtisadi Əməkdaşlıq Departamentinin attaşesi vəzifəsində çalışıb.

1999-cu ildə Koreya Respublikasında Qazaxıstanın səfirliyində attaşe vəzifəsində işə göndərilib. 2002-2005-ci illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Təşkilatlar İdarəsinin ikinci katibi, Qazaxıstanın Avstriyadakı səfirliyinin ikinci katibi, Qazaxıstanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi vəzifələrində işləyib.

2005-ci ildə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya-Analitik İş və Proqnoz Qiymətləndirmələri Departamentinin direktoru, daha sonra Avropa və Amerika Departamentinin direktoru təyin edilib.

2008-2009-cu illərdə Qazaxıstan Respublikasının Bolqarıstanda işlər müvəkkili olub. 2009-2015-ci illərdə Mərkəzi Aparatda bir sıra rəhbər vəzifələr tutub: ATƏT departamentinin xüsusi tapşırıqlar üzrə səfiri - direktoru, Ümumavropa Əməkdaşlıq Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri - direktoru, Xarici Siyasi Analiz və Proqnozlaşdırma Departamentinin direktoru olub. 2015-ci ildən Qazaxıstanın Azərbaycanda səfiri təyin edilənə qədər Qazaxıstanın Çexiyada və eyni zamanda Slovakiyada səfiri olub. II dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var. İngilis, fransız, Koreya və İndoneziya dillərini bilir.

Ailəlidir, 4 övladı var.