logo

Bu gün Strasburqda AŞ PA-nın payız sessiyası işə başlayır

09:52 30-09-2019 | icon 2555
Bu gün Strasburqda AŞ PA-nın payız sessiyası işə başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası öz işinə başlayır. 

YeniAvropa xəbər verir  ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, sessiyada iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti sentyabrın 29-da Fransaya yola düşüb. Nümayəndə heyətinə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildir. 

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya Respublikası ilə post-monitorinq dialoqu, Moldovada demokratik institutlar, yəhudi mədəni irsinin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılacaq.

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Nümayəndə heyətinin Fransaya səfəri oktyabrın 7-da başa çatacaq.