logo

Azərbaycanda mərkəzi bankçılığın yaranmasından 100 il ötür

09:31 30-09-2019 | icon 3122
Azərbaycanda mərkəzi bankçılığın yaranmasından 100 il ötür

Sentyabrın 30-da Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 ili tamam olur.

YeniAvropa xəbər verir  ki,ölkəmizdə mərkəzi bankçılığın tarixi XX əsrin əvvəllərindən başlayıb. 1991-ci ildən başlayan müasir mərkəzi bankçılıq tarixinə qədər Azərbaycanda mərkəzi bankçılıq fəaliyyəti bir neçə mərhələdən ibarət olub: Xalq Cümhuriyyəti dövrü (1918-1920); sovet sosialist quruluşu dövrü (1920-1991).

1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvarından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə dövriyyəyə buraxılmış pul vahidi - Bakı bonları ilə yanaşı, Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi haqqında qərar qəbul edildi. Həmin il sentyabrın 16-da Azərbaycan Respublikasının parlamenti bankın Nizamnaməsini təsdiqlədi. Sentyabrın 30-da isə Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı.

“Banklar bankı” olan Azərbaycan Dövlət Bankı ölkədəki kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi və pul nişanlarının emissiyasını həyata keçirirdi. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra yeni dövlət quruluşu olan Azərbaycan Sovet Sosialist Respublikasının Maliyyə Komissarlığının əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı. Bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı və bank işi dövlətin müstəsna inhisarına keçdi.

Azərbaycan Xalq Bankının əsas funksiyası kağız pulların emissiyası idi. Maliyyə Komissarlığının tərkibində olan Xalq Bankı xalq təsərrüfatını maliyyələşdirir və smeta-büdcə işi ilə məşğul olurdu. Bank tərəfindən kredit əməliyyatlarının keçirilməsi dayandırıldı və o, maliyyə orqanları ilə yanaşı, büdcə əməliyyatlarına xidmət göstərən orqana çevrildi.

Azərbaycan Xalq Komissarları Şurasının 1921-ci il 16 oktyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Bankının fəaliyyəti yenidən bərpa edildi və Nizamnaməsi qəbul olundu. 1922-ci il martın 12-də Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirən Zaqafqaziya Sovet Sosialist Respublikaları federativ ittifaqı təşkil edildikdən sonra vahid pul sisteminə keçildi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. 1923-cü ilin iyulunda isə Azərbaycan Dövlət Bankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı adlandırıldı və onun mərkəzi bank funksiyaları dayandırıldı. İlk dövrlərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı kənd təsərrüfatının inkişafına yardım etməklə yanaşı, pul və əmtəə dövriyyəsi məsələlərini də tənzimləyirdi.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi açıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə “suveren” respublika kimi daxil oldu. Həmin ildən 1991-ci ilin sonlarınadək mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərdi.

1992-ci ildə Azərbaycan Respublikasının Milli Bankı yaradıldı

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edildi, Milli Bankın statusu və səlahiyyətləri müəyyənləşdi. Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan olundu.

1992-ci il fevralın 11-də Azərbaycan Respublikasının Milli Bankı yaradıldı. 1992-ci il avqustun 7-də “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanun, dekabrın 1-də isə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edildi.

Milli valyuta – manat dövriyyəyə buraxıldı

Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxıldı. Azərbaycanın birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edildi. Əvvəlcə 1, 10 və 250 manatlıq, daha sonra 5, 50, 100, 500 və 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.