logo

Moskvada müxalifət çoxminli mitinq keçirir

18:42 29-09-2019 | icon 245
Moskvada müxalifət çoxminli mitinq keçirir

Rusiyanın paytaxtı Moskva şəhərində 20 mindən çox insanın iştirakı ilə hökumətlə öncədən razılaşdırılmış mitinq keçirilir.

YeniAvropa yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş Polis İdarəsi məlumat yayıb. Məlumatda qeyd edilib ki, etirazçılar “Moskva işi” ilə bağlı saxlanılanlara dəstəklərini ifadə edərək, hakimiyyətə ünvanlanan “Azad et!” şüarı səsləndirirlər.

Qeyd edək ki, Saxarova prospekti və ona bitişik küçələrdə hərəkət tamamilə dayandırılıb. Son məlumata görə, aksiyaya 24,3 min nəfər qatılıb.

Milli Qvardiya və polis əməkdaşları təhlükəsizliyi təmin edirlər. Saxlanılan yoxdur.

Xatırladaq ki, 14 və 27 iyul, 3 avqust tarixlərində keçirilən qanunsuz aksiyalarla bağlı ümumilikdə 1,7 mindən çox insan saxlanılıb.

İstintaq Komitəsi kütləvi iğtişaşlar və hökumət nümayəndələrinə zor tətbiq etmə maddələri ilə cinayət işi açıb.