logo

Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir

11:15 28-09-2019 | icon 4564
Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir

Sentyabrın 28-də Zaqatalada II Beynəlxalq fındıq, qoz, şabalıd festivalının açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir  ki, Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşan festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Sentyabrın 30-dək davam edəcək festivalın açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutub. Festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxacaq, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olublar. 

Qeyd edək ki, meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdirilir. Festivalda fındıq, qoz və şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq. Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə başa çatacaq.

Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.

Sonuncu – üçüncü gün qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.