logo

Nazim Babayev dünya çempionatında medal qazanacağına inanır

18:57 27-09-2019 | icon 2730
Nazim Babayev dünya çempionatında medal qazanacağına inanır

Gücümə arxayınam və dünya çempionatında medal qazanacağıma inanıram.

YeniAvropa xəbər verir  ki, bu barədə Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında atletika yarışlarının üç təkanla tullanma növündə iştirak edən Avropa çempionumuz Nazim Babayev KİV-ə müsahibəsində bildirib.

Dünya çempionatına hazırlığından danışan Avropa çempionu bildirib: “XXX Ümumdünya Yay Universiadasından və İsveçin Qavle şəhərində 23 yaşadək atletlər arasında Avropa çempionatından sonra bir neçə gün istirahət edərək yenidən təlim-məşq toplanışına başladıq. Dünya çempionatına qədər iki ay vaxt qalırdı. Bundan əlavə, ilk yarışıma da bir ay qalırdı. İstirahət müddətindən sonra ilk yarışım sentyabrın 3-də oldu və bu yarışda gümüş medal qazandım. Dünya çempionatına isə Antalyada hazırlaşdım. Müddət az olduğundan böyük məşqlər keçirə bilmədik. Məşqlərimiz əsasən qrafik əsasında keçirilib. Buna baxmayaraq, dünya çempionatına demək olar ki hazıram”.

N.Babayev çempionatda şanslarını yüksək dəyərləndirərək vurğulayıb: “Hazırda Qətərdəyik. Hava şəraitinin əlverişsiz olması idmançılara pis təsir edə bilər. Həddindən artıq isti olduğundan çıxışlarımız axşam saatlarında olacaq. Mənim çıxışım Bakı vaxtı ilə saat 20:25-də olacaq. İlk mərhələdə əsas məqsədim finala vəsiqə qazanmaqdır. Hazırda bütün diqqətimi buna yönəltmişəm. Finala vəsiqə qazanmaq üçün 17,1 metr nəticə göstərərək ən güclü 12 idmançıdan biri olmalıyam. Gücümə arxayınam və dünya çempionatında medal qazanacağıma inanıram”.