logo

Sabah Bakıda açılacaq yarmarkaya 120 tondan artıq bal çıxarılacaq

13:48 27-09-2019 | icon 2786
Sabah Bakıda açılacaq yarmarkaya 120 tondan artıq bal çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 28-dən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkası keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə  Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.Qeyd edilib  ki, artıq yarmarkaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından sərgi-satış yarmarkasının keçiriləcəyi ünvana daşınır.

Ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq, yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, yəni 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir.

İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib.

Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.

Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biləcəklər. Sifariş olunan məhsullar metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları yaxınlığına ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə çatdırılacaq.

Vətəndaşlar 28 sentyabr-18 oktyabr tarixlərində hər gün saat 8:00-dan 20:00-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsulları əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər olacaq, yarmarkanın keçirildiyi müddətdə arıçılıq məhsullarının dequstasiyası da təşkil ediləcək.