logo

İlham Əliyev Fransa prezidentinə başsağlığı verdi

20:14 26-09-2019 | icon 2618
İlham Əliyev Fransa prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev sentyabrın 26-da Fransa  prezidenti Emmanuel Makrona başsağlığı məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir:  

"Hörmətli cənab prezident, 

Fransa Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olmuşdur.

Prezident Heydər Əliyevi prezident Jak Şirak ilə möhkəm dostluq münasibətləri bağlayırdı. Onların görüşləri, aparılmış müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf xəttini müəyyən etmişdir. Prezidentlərin birgə səyləri sayəsində Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri böyük inkişaf yolu keçmişdir.

Prezident Jak Şirakla çoxsaylı görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Bu görüşlər Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafına mühüm təkan vermişdir.

Azərbaycan-Fransa münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak ölkəmizin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuş və bu orden mənim tərəfimdən Jak Şiraka təqdim edilmişdi.

Bu ağır itkinin kədərini bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, bütün Fransa xalqına, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm".