logo

SOCAR son 10 ildə Gürcüstana 1 milyard dollardan çox sərmayə yatırıb

18:35 25-09-2019 | icon 2618
SOCAR son 10 ildə Gürcüstana 1 milyard dollardan çox sərmayə yatırıb

2007-2018-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə yatırılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında qeyd edilib.

Bildirilir ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Georgia Petroleum”, “SOCAR Gas Export-Import”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Gas Distribution”, “Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir. “SOCAR Georgia Petroleum” MMC Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. “SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən çox abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.

“SOCAR Gas Export-Import”un əsas fəaliyyəti isə Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə təbii qazın iki qrup istehlakçıya: əhali və enerji istehsalı obyektlərinə çatdırılmasına yönəldilib. 2017-ci ildə SOCAR Gürcüstana 1 milyard 379,7 milyon kubmetr qaz ixrac edib. Ötən ildə bu rəqəm 1 milyard 399,7 milyon kubmetr (1,4 faiz artım) təşkil edib.