logo

Dünyanın ən böyük hava limanının açılış mərasimi keçirilib

10:11 25-09-2019 | icon 2800
Dünyanın ən böyük hava limanının açılış mərasimi keçirilib

Pekində dünyanın ən böyük hava limanlarından olan “Dasin” beynəlxalq aeroportunun açılış mərasimi keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Çin Xalq Respublikasının sədri Si Cinpin hava limanının istifadəyə verilməsini rəsmən elan edib.

Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən hava limanının inşasına 2014-cü ildə başlanılıb. Bu ilin yanvarında hava limanının uçuş-enmə zolağı ilk təyyarəni sınaq uçuşu ilə qəbul edib. Şəhər mərkəzindən 46 kilometr məsafədə yerləşən aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45 milyona, 2025-ci ilədək 72 milyona, 2040-cı ildə isə 100 milyona çatacağı gözlənilir. İnşası 80 milyard yuana (təxminən 11,7 milyard ABŞ dolları) başa gələn bu meqa layihə tələbatın artacağı nəzərə alınaraq tikilib. İlk sezonda (qış 2019/yaz 2020) gündə 370 uçuşun, 2025-ci ildə isə 1570 uçuşun həyata keçirilməsi planlaşdırılıb.

Sentyabrın 25-də yerli vaxtla saat 15:45-də “Dasin” beynəlxalq hava limanından Quancou, Şanxay və Çendu şəhərləri istiqamətində ilk kommersiya uçuşları həyata keçiriləcək və bununla da hava limanı fəaliyyətə başlayacaq. Gün ərzində ilk təyyarələr də qəbul olunacaq.

Xatırladaq ki, indiyədək Pekində  iki hava limanı fəaliyyət göstəriridi. Bunlardan biri yalnız daxili uçuşları  həyata keçirən “Nanyuan” hava limanı, digəri isə  sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki “Harstfild-Cekson” hava limanından sonra dünyada ikinci ən böyük olan “Paytaxt” beynəlxalq aeroportu idi.