logo

Nyu-Yorkda ABŞ-Azərbaycan əlaqələri müzakirə edilib

23:40 24-09-2019 | icon 392
Nyu-Yorkda ABŞ-Azərbaycan əlaqələri müzakirə edilib

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov dövlət katibinin köməkçisinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Nyu-Yorkda keçirilmiş görüşü barədə məlumat verib və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Bu il oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.