logo

Həştərxanda V Xəzər Mediaforumu keçirilir

18:44 24-09-2019 | icon 2800
Həştərxanda V Xəzər Mediaforumu keçirilir

Sentyabrın 24-də Rusiyanın Həştərxan şəhərində beş Xəzəryanı ölkənin - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və Özbəkistanın jurnalistləri, alimləri, diplomatları və deputatlarının iştirakı ilə V Xəzər Mediaforumu açılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiya Federasiyasının Həştərxan vilayəti qubernatoru administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin V Xəzər Mediaforumu iştirakçılarını salamlayıb.

Regionun başçısı qeyd edib ki, Həştərxan artıq beşinci dəfədir ki, müxtəlif ölkələrdən gəlmiş jurnalistlər üçün Xəzəryanı ölkələrinin inkişafına dair aktual məsələlərin müzakirə olunduğu məkana çevrilib. O əlavə edib: “2021-ci ildə İkinci Xəzər İqtisadi Forumunun da keçirilməsi Həştərxan vilayətinə həvalə olunub. Əminəm ki, indiki mediaforum KİV nümayəndələri arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə töhfə verəcək”.

Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski xatırladıb ki, Rusiya parlamenti bu yaxınlarda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya edib.

Qazaxıstan Respublikasının Həştərxan şəhərində konsulu Kanat Şekkaliev bəyan edib: ”Xəzər mediaforumu bütün Xəzər regionunun ictimai həyatında irimiqyaslı hadisəyə çevrilib”.

İran İslam Respublikasının Həştərxandakı baş konsulu Behruz Muxtari mediaforumun Xəzəryanı ölkələrin informasiya məkanının inkişafına verdiyi töhfədən bəhs edib.

Bu gün V Xəzər Mediaforumunda “Rəqəmsallaşma dövründə media istiqamətləri” plenar iclası keçiriləcək. Həmçinin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın həyata keçirilməsi mərhələlərinin müzakirə olunacağı diskussiya panelləri də təşkil olunacaq.

Sabah mediaforum Həştərxan Dövlət Texniki Universitetində işini davam etdirəcək.