logo

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

20:48 23-09-2019 | icon 2730
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Sentyabrın 23-də Bakıda "Four Season" mehmanxanasında Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan olunmasının 89-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

YeniAvropa xəbər verir  ki, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə hökumət rəsmiləri, Milli Məclisin üzvləri, iş adamları, KİV nümayəndələri iştirak ediblər. 

Tədbir hər iki ölkənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr çıxış edərək ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirib. Diplomat vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib. Bu il milli bayram "Zirvəyədək əzmkarlıq" şüarı altında qeyd olunur.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan ölkələrdən biridir. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın gücləndirilməsində qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayan səfir Azərbaycanın baş naziri Novruz Məmmədovun Krallığa səfərini, ölkəsinin Ədliyyə nazirinin Azərbaycana səfərlərini xatırladıb. O qeyd edib ki, bu səfərlər zamanı iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan Hökumətinin və prezidentinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. İndiyədək Azərbaycan ilə Krallıq arasında 20 sənəd imzalanıb və hazırda 8 sənəd üzrə danışıqlar gedir.

S.Şərifov qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. “Səudiyyə Ərəbistanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir, işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu prinsipial mövqeyini yüksək qiymətləndirir", - deyə nazir vurğulayıb.

Səlim Balayev