logo

2 paracüdoçumuz Daşkənd "Qran-Pri"sinin finalına vəsiqə qazanıb

15:51 23-09-2019 | icon 2632
2 paracüdoçumuz Daşkənd "Qran-Pri"sinin finalına vəsiqə qazanıb

Azərbaycanın iki paracüdoçusu Daşkənd Qran-Prisinin finalına yüksəlib.

 YeniAvropa xəbər verir ki, turnirin birinci günündə kişilər 60, 66 və 73, qadınlar isə 48, 52 və 57 kq çəki dərəcəsində mübarizəyə qoşulublar.

Yarışa səkkizdəbir final mərhələsindən başlayan Namiq Abaslı (66 kq) Gürcüstan təmsilçisi Giorgi Kaldanini məğlub edib. İdmançımız növbəti görüşündə Viktor Rudenkonu üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda ukraynalı David Koravaya qalib gələn N.Abaslı finalda Uçqun Kuranbaev ilə qarşılaşacaq.

Ramil Qasımov (73 kq) isə birinci görüşdə qazaxıstanlı Yerqali Şameyə qalib gəlib. Növbəti qarşılaşmada özbəkistanlı Feruz Sayidovu üstələyən idmançımız dörddəbir finalda Gürcüstan təmsilçisi Baçuki Şelianı məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Rusiya idmançısı Vasili Kutuevə uduzan R.Qasımov bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qadınların yarışında 57 kiloqram çəki dərəcəsində yarışan Sevda Vəliyeva yarışa dörddəbir final mərhələsindən başlayıb. Təmsilçimiz birinci görüşdə rusiyalı İrina Florovanı mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn S.Vəliyeva bu mərhələdə Braziliya paracüdoçusu Lusia Araujonu üstələyərək finala vəsiqə qazanıb. S.Vəliyeva finalda Özbəkistan idmançısı Parvina Səməndərova ilə qarşılaşacaq.

Turnirdə 48 kq çəki dərəcəsində çıxış edən Şahanə Hacıyeva birinci görüşdə Almaniya təmsilçisi Karmen Brussicə, daha sonra isə rusiyalı Viktoriya Potapovaya qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda fransalı Sandrine Aurieres Martinetlə dueldən məğlub ayrılan paracüdoçumuz bürünc medal uğrunda yarışacaq.

Bəsti Səfərova (52 kq) səkkizdəbir finalda gürcüstanlı Rusudani Qoqavanı, dörddəbir final mərhələsində isə çinli Yanqinq Lini məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə Ukrayna təmsilçisi İnna Çerniak üz-üzə gələn B.Səfərova uduzduğundan bürünc medal uğrunda mübarizə aparmalı olacaq.

Qeyd edək ki, kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Əbdülxanlı (100 kq), İlham Zəkiyev (100 kq-dan yuxarı), qadınlar arasında isə Xanım Hüseynova (63 kq) və Zülfiyyə Hüseynova (70 kq) Qran-Prinin ikinci günündə mübarizəyə başlayacaqlar.