logo

7 ildən sonra Ceyhun Səlimov küçəsində nəqliyyatın hərəkəti bərpa olunub

10:53 23-09-2019 | icon 273
7 ildən sonra Ceyhun Səlimov küçəsində nəqliyyatın hərəkəti bərpa olunub

Paytaxtın Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Hərbi hospital) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar 7 ildir bağlı qalan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, agentlik tərəfindən Tbilisi prospektində və C.Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib. İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq istifadəyə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.

Uzunluğu 550 metr olan küçənin sözügedən hissəsi boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri yerlərdə yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən istifadəyə verilib.

Sözügedən işlər çəçivəsində C.Səlimov küçəsinin Ə.Salamzadə küçəsi ilə kəsişməsində, yol ötürücüsünün altından keçən hissəsində də təmir-bərpa işləri aparılıb.