logo

Baş Dövlət Yol Polisi İdarəsi  sürücülərə müraciət edib

21:20 13-09-2019 | icon 2639
Baş Dövlət Yol Polisi İdarəsi  sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sahiblərinə və sürücülərinə müraciət edib.

İdarədən YeniAvropa-ya bildiriblər ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli qərarı ilə oktyabrın 1-dən mayın 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub.

Lakin yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-da paytaxt ərazisində, xüsusilə şəhərin giriş-çıxış hissələrində saat 8:00-dan 10:00-dək nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı ehtimal edilir. Bunu nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə məxsus, şəhərə girişinə icazə verilmiş yük avtomobillərindən göstərilən saatlarda mümkün qədər az istifadə olunsun.

Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, ilk dərs günündə azyaşlı məktəbli uşaqlara yollarda çətinlik yaşatmayacaqlar.