logo

Çin şirkəti əfsanəvi “Ikarus” zavodunu satın almaq istəyir

15:09 12-09-2019 | icon 2695
Çin şirkəti əfsanəvi “Ikarus” zavodunu satın almaq istəyir

Macarıstan paytaxtında ən ağır vəziyyətdə olan Matyaşfölde rayonunda yerləşən sənaye parkı (bir vaxtlar burada “Ikarus” markalı avtobuslar yığılırdı) xarici sərmayəçiyə satıla bilər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,   Budapeştin XVI rayonunun başçısı Peter Kovaç bununla bağlı rayon qəzetinə geniş müsahibə verib. Onun sözlərinə görə, zavodun alıcısı qismində Çin sərmayəsi ilə işləyən macar şirkəti çıxış etmək istəyir. Sənaye parkının ərazisində elektromobillərin yığılması üzrə istehsal həyata keçiriləcək, həmçinin Çin mallarının anbarlara vurulması və paylanması əməliyyatları aparılacaq. Hazırda mülkiyyətçilərin əl dəyişdirməsi prosesi davam edir və bu səbəbdən alıcı şirkətin adı rəsmi olaraq açıqlanmır.

Çin-Macarıstan ticarət əlaqələri üzrə ekspertlər bildiriblər ki, alıcı qismində Çinin böyük hibrid avtomobillər və elektromobillər istehsalçısı olan BYD şirkəti də çıxış edə bilər. Onlar əlavə ediblər ki, bu şirkət artıq macar iqtisadiyyatına sərməyələr qoyub və 2017-ci ildə Avropada ilk elektrobus zavodunu işə salıb. BYD 2018-ci ilin dekabrında ilk elektrobusu Şalqotaryan bələdiyyəsinə təhvil verib.