logo

Paytaxtda adam oğurluğunda şübhəli bilinən dəstə yaxalanıb

13:41 11-09-2019 | icon 2499
Paytaxtda adam oğurluğunda şübhəli bilinən dəstə yaxalanıb

Bakı şəhər Baş Polis İdarəsinin, Xətai  rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin, 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25 min manat borcu olduğuna görə onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsindəki kafelərin birinə dəvət edilib. O, əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada avtomobilə əyləşdirilərək A.Abbasovanın Pirşağı qəsəbəsindəki bağ evinə aparılıb.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı saxlanılıb, zərərçəkən H.Əsgərov girov saxlandığı yerdən azad olunub.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü, 144.2.4-cü və 144.2.6-cı maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.