logo

Bu gün 1200-dən çox şagird əlavə imtahan verir

10:15 08-09-2019 | icon 4277
Bu gün 1200-dən çox şagird əlavə imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirir.

DİM-dən  YeniAvropa-ya bildirilib ki, buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunur. İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 97 nəzarətçi-müəllim ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.