logo

Ədliyyə Nazirliyində AŞ PA-nın komitə sədri ilə görüş olub

19:50 06-09-2019 | icon 2534
Ədliyyə Nazirliyində AŞ PA-nın komitə sədri ilə görüş olub

Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Thorhildur Sunna Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, görüşdə insan hüquqlarının hərtərəfli təmin olunması, hakimlərin müstəqilliyi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası, vəkillik təsisatının islahatı və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı qorunması və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edən nazir müavini bu sahədə islahatların dərinləşdirilməsinə dair dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini vurğulayıb. Həmçinin Məhkəmə-Hüquq Şurasının müstəqil özünüidarə fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən Avropa Konvensiyasının presedentlərinin öyrənilməsi və Avropa Məhkəməsinə tədris səfərlərinin təşkili barədə məlumat verib, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən genişmiqyaslı işlərdən danışıb.

Qonağın diqqəti xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb olunaraq torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, Ermənistan rəhbərliyinin reallıqdan tamamilə uzaq populist bəyanatları münaqişənin həlli üzrə illərdir ki, aparılan sülh danışıqları prosesinə böyük zərbədir.

Xanım Thorhildur Sunna Evarsdottir Azərbaycana növbəti səfərindən məmnunluğunu, müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumata görə minnətdarlığını ifadə edib.

Tədbirdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş iştirak edib.