logo

“Avro-2020”:  Azərbaycan Uels yığması ilə üz-üzə gələcək

10:49 06-09-2019 | icon 3171
“Avro-2020”:  Azərbaycan Uels yığması ilə üz-üzə gələcək

Sentyabrın 6-da futbol üzrə Azərbaycan milli komandası “Avro-2020”nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir  ki, milli komandamız səfərdə Uels yığması ilə üz-üzə gələcək.

Kardiff şəhər stadionunda Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Farrucia Kannın olacaq. Ona Alan Kamilleri və Luke Portelli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alan Mario Sant yerinə yetirəcək.

Azərbaycan yığması “E” qrupundakı ilk 3 görüşdə məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komanda evdə Macarıstana 1:3 və Slovakiya seçməsinə 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana 0:1 hesabı ilə yenilib. Hazırda Uels 3 xalla 4-cü yerdədir. Xal toplamayan Azərbaycan millisi isə sonuncu – beşinci yerdədir.

Səfər qarşılaşmasında Rahil Məmmədov məşqdə zədələndiyi üçün oynamayacaq. Kardiffə yüngül zədəli vəziyyətdə yollanan Mahir Emrelinin də meydana çıxması sual altındadır. Uels yığmasına gəldikdə, İtaliyanın “Yuventus” klubunun yeni transferi Aaron Remsi əvvəlcədən dəvət alsa da, sonra heyətdən kənarda qalıb. Buna səbəb kimi yarımmüdafiəçinin matça hazır olmaması göstərilib. Onun əvəzinə kollektivə İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Dilan Levitt cəlb olunub.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək.