logo

Azərbaycan şərabçıları Gürcüstanda keçiriləcək festivala dəvət olunublar

15:49 31-08-2019 | icon 2849
Azərbaycan şərabçıları Gürcüstanda keçiriləcək festivala dəvət olunublar

Gürcüstan paytaxtında təmir edilmiş Orbeliani meydanında ölkədə ilk dəfə sentyabrın 1-də Qvevri Şərab Festivalı keçiriləcək. Festivala Azərbaycanın şərab istehsalçıları da dəvət olunublar.

YeniAvropa xəbər verir  ki,  “Şərabla Gürcüstanda səyahət” adlı festivalın məqsədi turizmə dəstək vermək, beynəlxalq səviyyədə ölkəmizin nüfuzunu və imicini möhkəmləndirmək, Qvevri şərab təhsilinin səviyyəsini yüksəltmək, istehlakçı mədəniyyətini inkişaf etdirmək və şərab turizmini təşviq etməkdir.

Festival “Kiçik Ailə Zirzəmiləri”nin təşəbbüsü, Tbilisi bələdiyyəsi, Milli Şərab Agentliyi və Turizm İdarəsinin dəstəyi ilə təşkil olunacaq.

Festival çərçivəsində xalq və caz musiqilərindən ibarət konsert proqramları da təşkil ediləcək.

Bundan başqa, festival çərçivəsində qonaqlar məxsusi şərab küplərindən pulsuz olaraq müxtəlif şərabların dadına baxacaq. İştirakçılar şərab zirzəmisində hazırlanmış şərabların bir neçəsini cəmi 10 lariyə (3,5 dollar) ala biləcəklər. Turizmin təşviqi məqsədilə simvolik olaraq ən azı 30 şərab şüşəsi 10 lari qiymətinə satılacaq.

Milli Şərab Agentliyindən bildiriblər ki, Azərbaycandan gələn qonaqlar da festivalda öz məhsullarını sata bilərlər. Bunun üçün onlara xüsusi guşə yaradılacaq.