logo

Tərtər sakini əl qumbarası ilə özünü öldürdü, qonşusunu isə yaraladı

10:32 30-08-2019 | icon 2646
Tərtər sakini əl qumbarası ilə özünü öldürdü, qonşusunu isə yaraladı

Avqustun 29-da Tərtər rayon sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaqla müəyyənləşdirilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib. Səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partladıb. Nəticədə Elmir Hüseynli hadisə yerində ölüb, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.