logo

Əfqanıstanda müharibə ABŞ-a 760 milyard dollara başa gəlib

19:22 29-08-2019 | icon 2520
Əfqanıstanda müharibə ABŞ-a 760 milyard dollara başa gəlib

Əfqanıstan prezidenti Əşrəf Qani  KİV-ə açıqlamasında Birləşmiş Ştatların 2001-ci ildən başlayaraq “Taliban” silahlıları ilə mübarizəyə xərclədiyi vəsaitlərin 500 milyard dollara çatdığını söyləsə də, beynəlxalq ekspertlər bu xərclərin daha çox olduğunu düşünürlər.

 YeniAvropa "BBC" telekanalına istinadla xəbər verir ki, ekspertlər Ə.Qaninin iddiasını dəqiqləşdirmək üçün araşdırma aparıblar. Onlar bildiriblər ki, “Taliban”ı Üsamə bin-Ladeni dəstəkləməkdə təqsirləndirən Vaşinqton 2001-ci il 11 sentyabr hadisələrindən sonra həmin ilin oktyabrında Əfqanıstana qoşun yeridib. Onların sözlərinə görə, bu ölkədə amerikalı əsgərlərin sayı ildən-ilə artırılıb. Belə ki, 2012-ci ilədək Əfqanıstanda ABŞ hərbçilərinin sayı 100 min nəfər olub və onlara çəkilən xərclər 100 milyard dollara çatıb. 2016-1018-ci illərdə isə Amerika hərbçiləri “Taliban” silahlı qruplaşmalarına qarşı hücum əməliyyatlarını dayandırıb və əfqan əsgərlərinin təlimi ilə məşğul olublar. Həmin dövrdə Vaşinqtonun xərcləri 40 milyard dollara qədər azalıb. Bu ilin martınadək olan müddətdə isə Əfqanıstan missiyasına 18 milyard dollar ayrılıb.

Pentaqonun məlumatına görə 2001-ci ilin oktyabrından 2019-cu ilin martınadək olan dövrdə Əfqanıstandakı qoşun kontingentinə 760 milyard dollar vəsait ayrılıb. Bu, Əfqanıstan prezidentinin verdiyi rəqəmdən daha çoxdur.

Lakin Braun Universitetinin həyata keçirdiyi müharibə layihələrinin dəyəri layihəsi çərçivəsində aparılmış müstəqil araşdırmalara görə, Pentaqonun bu rəqəmləri mənzərəni tam şəkildə əks etdirmir. Belə ki, müharibə veteranlarına qayğı, missiya ilə bağlı ABŞ-dakı departamentlərin xərci və hərbi əməliyyatlar üçün alınan borcların faizləri bura əlavə edilməyib. Bütün bu vəsaitlərlə birlikdə Əfqanıstanda müharibə təqribən ABŞ-a 1 trilyon dollara başa gələ bilər. Bundan başqa, Vaşinqton son 17 ildə Əfqanıstanın yenidən qurulması işlərinə də 133 milyard dollar xərcləyib. Sonradan tikilən binaların və digər infrastruktur obyektlərinin partladılması nəticəsində 15,5 milyard dollar havaya sovrulub.

Maliyyə itkiləri ilə yanaşı, ABŞ Əfqanıstan müharibəsində hərbçilər arasında ölüm hallarının çox olması problemi ilə də üzləşib. Belə ki, 2001-ci ilin oktyabrından bu günədək bu ölkədə 2 300 amerikalı hərbçi həlak olub, 20 500 əsgər isə yaralanıb. Əşrəf Qani isə bəyan edib ki, onun prezidentliyi dövründə - 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələrinin 45 min əsgəri öldürülüb.