logo

İran polisi 1 tondan çox narkotik vasitəni müsadirə etdi

16:07 29-08-2019 | icon 245
İran polisi 1 tondan çox narkotik vasitəni müsadirə etdi

İranın Zahedan şəhəri yaxınlığında polis qüvvələri və narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı qrup arasında insident baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, silahlı insident zamanı bir qaçaqmalçı məhv edilib, biri isə yaralı olaraq yaxalanıb. Şəhərin polis rəisi Məhəmməd Qənbəri bildirib ki, əməliyyat nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. Onun sözlərinə görə, operativ məlumat əsasında Pakistandan gələn avtomobilə baxış keçirilib və 1 ton 183 kiloqram narkotik vasitə aşkarlanıb. Baxış zamanı qaçaqmalçılar silahlı müqavimət göstəriblər.

Rəis nəzərə çatdırıb ki, İranın Sistan-Bəlucistan vilayəti Əfqanistan və Pakistanla sərhəddə yerləşir. Demək olar ki, hər gün qaçaqmalçılar bu ölkələrdən İran ərazisinə qanunsuz olaraq narkotik vasitələr keçirməyə cəhd edirlər. Polis və sərhəd xidmətinin səyləri ilə bu cəhdlərin qarşısı alınır.