logo

Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib

20:20 26-08-2019 | icon 2387
Mehriban Əliyeva uşaq bağçalarının açılışlarında iştirak edib

Avqustun 26-da Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.

YeniAvropa xəbər verir  ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva  əvvəlcə  Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Bildirilib ki, bu körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Ümumi sahəsi 2000 kvadratmetrdən çox olan bina havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.

Sonra birinci vitse-prezident Mehriban Əliyeva  Binəqədi rayonundakı 141 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Daha sonra “Dalğa Beach” istirahət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami, Suraxanı, Xətai rayonlarının uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda unudulmaz anlar yaşayıblar.

Şənliyə birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da qoşulublar. Hər bir uşağa Fondun hədiyyələri təqdim olunub. Şənlikdə, ümumilikdə, 200-dən çox uşaq iştirak edib.