logo

“Eurovision-2019”un püşkatma mərasimi yanvarın 28-də keçiriləcək

19:18 26-01-2019 | icon 3934
“Eurovision-2019”un püşkatma mərasimi yanvarın 28-də keçiriləcək

“Eurovision-2019” mahnı müsabiqəsinin yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də İsraildə, Təl-Əviv İncəsənət Muzeyində təşkil ediləcək. Həmin tədbirdə mahnı festivalının simvolik açarı Lissabon tərəfindən İsrailə təqdim ediləcək.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Təl-Əviv bələdiyyəsinin mətbuat xidmətinin rəsmi məlumatında bildirilir.

“Yarımfinalçıların püşkatması və simvolik açarın ötürülməsi mərasimi Təl-Əvivdə “Eurovision-2019”la bağlı ilk rəsmi tədbirdir. Daha sonra İncəsənət Muzeyində keçiriləcək püşkatma iki yarımfinalda çıxışların ardıcıllığını müəyyən edəcək. Yarışmanın yarımfinal müsabiqələri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-də və 16-da, final mərhələsi isə mayın 18-də təşkil olunacaq. Yarımfinalçıların püşkatması iki hissədən ibarətdir: birinci hissədə çıxışların ardıcıllığı və qabaqcadan təsnifatdan keçmiş 6 ölkənin – Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın, həmçinin ev sahibi İsrailin səsverməsi keçiriləcək. Püşkatmanın ikinci hissəsində isə qalan 36 iştirakçı ölkənin hər birinin çıxış ardıcıllığı müəyyən ediləcək”, - deyə bələdiyyənin məlumatında bildirilir.

İsrail 2019-cu ildə beynəlxalq mahnı festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.