logo

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalında 15 film nümayiş ediləcək

22:15 25-01-2019 | icon 4935
İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalında 15 film nümayiş ediləcək

Yanvarın 25-də Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının açılışı münasibətilə mətbuat konfransı keçirilib.

YeniAvropa xəbər verir  ki, mətbuat konfransında festivalın sədri, italiyalı aktyor Remo Girone iki ölkə arasında mədəni əlaqələrdən danışaraq ilk dəfə keçiriləcək bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib. O deyib: “Bir çox ölkələrdə - ABŞ, Fransa, Polşa, Almaniyada fəaliyyət göstərmişəm. Azərbaycanla əməkdaşlıq etmək mənim üçün çox maraqlı olardı. İnanıram ki, belə tədbirlər bizim birgə əməkdaşlığımızın inkişafına yeni təkan olacaq. İki ölkə arasında mədəniyyət sahəsində mövcud olan əlaqələr bundan sonra davam etdiriləcək”.

Tədbirdə festivalın direktoru Claudio Rossi Massimi, jüri üzvü Fehruz Şəmiyev, Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, festivalın layihə meneceri Kənan Zülfüqarov və başqaları çıxış edərək festival barədə məlumat veriblər.

Bildirilib ki, Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşan festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır. Festival iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş etdirməklə beynəlxalq kino məkanının fəaliyyətini təşviq edəcək.

Qeyd edilib ki, İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində hər iki ölkənin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən seçilmiş 15 müasir film bir neçə seans şəklində nümayiş olunacaq. Festivalda nəzərdə tutulmuş mükafatların sayı 10-dur. Filmlər “Ən yaxşı Azərbaycan filmi”, “Ən yaxşı İtalyan filmi”, “Ən yaxşı beynəlxalq film”, “Ən yaxşı Azərbaycan sənədli filmi”, “Ən yaxşı İtaliya sənədli filmi”, “Ən yaxşı beynəlxalq sənədli film”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı foto” və “Ən yaxşı musiqi” nominasiyalar üzrə mükafatlandırılacaq.

Təqdim olunan nominasiyaların qaliblərinə xüsusi hazırlanmış “Zoroaster award” mükafatı veriləcək.

“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edir.