logo

İTV “Eurovision-2019” üçün mahnı qəbulunu elan edib

12:55 24-01-2019 | icon 5040
İTV “Eurovision-2019” üçün mahnı qəbulunu elan edib

İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision-2019” üçün mahnı qəbulunu elan edib.

YeniAvropa xəbər verir  ki, bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, mahnı müsabiqəsində ölkəmizin iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya müsabiqədə ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb. Şirkətin həm yerli, həm də xarici bəstəkarlara müraciətində deyilir: “Söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “MP3” versiyasında təqdim etməlidirlər. Mahnının xronometrajı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci il sentyabrın 1-dən əvvəl ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansı mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi orijinal olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır”.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”ın rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini fevralın 7-dək [email protected] ünvanına göndərə bilərlər